internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

Erməni köçləri və ideologiyası arasında səbəb-nəticə əlaqəsi

 

Yaqub Yaqubov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə, Sosiologiya və Hüquq institutunun
“Politologiya  və Siyasi sosiologiya şöbəsi” nin dissertantı

yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

 

Erməni siyasi düşüncəsinin formalaşmasında istifadə edilən bir sıra psixoloji məqamlar vardır. Bu məqamların əsas öndə gələn xüsusiyyəti ermənilərin daim özlərini zülmə məruz qalmış bir xalq imicində göstərmək istəmələridir. Ümumiyyətlə, bəşəri psixologiyada belə bir nüans vardır ki, zülmə məruz qalmış olan insan mərhəmətə və kömək edilməyə layiqdir. Ermənilər həmişə insan xislətinin bu tərəfindən də siyasi cəhətdən bəhrələnməyə çalışmışlar.

XIX əsr boyu və XX əsrin birinci yarısında erməni xalqının tarixində bir ölkədən başqasına köç çox mühüm yer tutur. Erməni təqdimatında bu zülmdən xilas olma kimi təqdim edilsə də, əslində xəyanət etməyin nəticəsi və ya daha yaxşı yaşanılan ərazilərdə məskunlaşmaq istəyindən başqa bir şey deyildi. Erməni milli şüurunu idarə edən kilsə və onun yetişdirdiiyi şiddət tərəfdarı ziyalılar bu millət üçün bir dövlət qurmaq iddiasında idilər. Göstərilən dövrün demoqrafik şəraiti dəyişməsə idi, erməni elitasının bu arzusu elə arzu olaraq da qalacaqdı. Müxtəlif ölkələrə və əyalətlərə yayılmış bir milləti vahid coğrafi ərazidə yığmaq, böyük dövlətlərin xeyir duasını almaq, habelə erməni dövləti üçün zəmin hazırlamaq erməni siyasi elitası və ruhaniliyinin hədəflərindən idi.

Böyük dövlətlərin, Rusiya, İran və Osmanlının Qafqaz uğrunda mübarizəsi ermənilərin işinə çox yaradı. Belə ki, onlar xristian təəssübkeşliyindən istifadə edərək həm böyük xristian imperiyaları Böyük Britaniya və Fransada, həm də dünya ağalığı uğrunda mübarizədə özünə yer hazırlayan ABŞ-da dayaqlar tapdılar. Eləcə də İran və Osmanlı kimi dünyanın əsas qüdrətli müsəlman dövlətlərindəki daxili çəkişmələrdən, digər milli azlıqların da ayağa qalxmasından istifadə etməyə başladılar. Müasir türk araşdırmaçıları da məsələlərin bu tərəfini diqqət mərkəzinə çəkirlər: “Fransız İnqilabının milli müstəqillik fikirləri Osmanlı dövlətinin əvvəl xristian azlıqları üzərində təsirli oldu. Balkanlarda yaşayan serblər, yunanlar, bolqarlar, rumlar və digərləri Osmanlı dövlətinə qarşı dəyişik zamanlarda qiyam qaldırdılar. Xristian azlıqların hər qiyamında, Avropa ictimaiyyəti və böyük dövlətləri dərhal onları qorudular. Rusiya isə bundan faydalanıb Osmanlı dövlətinə hücum etdi. Bundan ən son faydalananlar isə ermənilər oldular.”[1]

Böyük dövlətlərin də ermənilərə yönəlik öz planları vardı. İlk öncə xristian imperiyaları ermənilər arasında istənilən sağlam, İran və Osmanlıya sadiqlik tərəfdarı olan fikirlərə son qoymaq üçün missioner fəaliyyətlərinə başladılar. Ermənilər Avropaya getmək, orada ən yaxşı məktəblərdə təhsil almaq imkanları əldə etdilər. Buralarda təhsil alan ermənilər artıq iki ideyanın daşıyıcısı idilər. Erməni dövlətinin yaranması və bəhrələndikləri dövlətlərin maraqlarının təmin edilməsi düşüncələri daim onları təqib edirdi.

Ermənilərin köçlərə başladıqları ərazilər arasında isə indiki Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqları prioritet təşkil edirdi. Bunun da bir neçə səbəbi vardı. Ən başlıcası ermənilərin Azərbaycanda yerləşdirilməsi Rusiyanın maraqlarına xidmət edirdi. Çünki Azərbaycanda yerləşən ermənilər həm Osmanlı və İranla bir bufer olurdu, həm də azərbaycanlıların artması qarşısında bir əngəl idi. Rusiya azərbaycanlılarda olan artım səviyyəsindən, onlarda müsəlman həmrəyliyi təfəkküründən narahat idi. Peterburqda düşünürdülər ki, azərbaycanlılar türklər, ya da iranlılar üçün beşinci eşelon ola bilərlər. Türklərin və azərbaycanlıların demoqrafik inkişafında başlıca manelərdən biri də erməni terroru olmuşdu. Demoqrafik və tarixçi alim K. Şükürov bu haqda yazır: “Erməni terroru Azərbaycanın tarixi-demoqrafik inkişafının bütün sahələrinə faciəli təsir göstərmişdir:

- erməni terrorçuluğunun genişləndiyi, genosid, deportasiya və hərbi terrorla müşahidə olunduğu dövrlərdə (1905-1906; 1918-1920; 1948-1953; 1980-cı illərin sonları – bizim günlər) azərbaycanlıların say dinamikası aşağı düşmüşdür;

- həmin dövrlərdə Cənubi Qafqaz əhalisi içərisində azərbaycanlıların xüsusi çəkisi azalmışdır;

- ölüm halları çoxalmışdır;

- məcburi miqrasiya genişlənmiş, əhali içərisində qaçqınlıq və köçkünlük yaranmışdır və s.

Bu günlərdə də davam edən erməni terrorunun qarşısının alınması antiterror siyasətinin gücləndirilməsini tələb edir. Bu siyasətin həyata keçirilməsi zamanı terrorun ağır demoqrafik nəticələrinin aradan qaldırılmasına da mühüm yer ayrılmalıdır.”[2]

Ermənilərin isə maraqları ilk növbədə iqtisadi idi. Çünki Azərbaycan torpaqları olduqca məhsuldar və bərəkətli idi. İkinci siyasi düşüncə tərəfindən istifadə edilə biləcək məqam isə o idi ki, burada xristian alban əhalinin nisbətən erməniləşmiş, ancaq özünü dərk şüurunu saxlamış albanları tam assimilyasiya etməklə onun tarixi yadigarlarına sahib çıxmaq olardı. Tarixin sonrakı gedişi bu niyyətin necə güclü olduğunu ortaya qoydu. Burada maraqlı bir fakt gətirmək yerinə düşərdi: “1831-ci ildə ermənilər Qafqaz canişini Paskeviçə belə bir petisiya göndərmişdilər ki, onlar məskunlaşdıqları yerdə heç bir xalq məskunlaşdırılmasın. Eləcə də onlara vergisiz ticarət haqqı verilsin və öz milli məhkəmələri formalaşdırılsın”[3]. Burada əslində ermənilərin milli psixologiyasında olan bir xəstəlik-fərqli olanlara dözə bilməmə xəstəliyi ortaya çıxır. Eyni zamanda müraciət ermənilərin Qafqaza hansı iddialarla köçdüyünü göstərir. Tam bir hakimiyyətə sahib olmaq iddiası zaman-zaman hətta erməniləri bura köçürənləri də qayğılandırırdı.

İndi isə erməni köçlərinin mənzərəsinə nəzər salmaq zəruridir. Çünki erməni köçlərinin mənzərəsi və qrafiki erməni siyasi düşüncəsinin müxtəlif məqamlarına aydınlıq gətirməyə kömək edəcəkdir. Erməni siyasi düşüncəsinin əzəli erməni torpaqları kimi təqdim etdiyi ərazilərdə əslində tarixən türk-müsəlman əhali yaşamışdı. Belə torpaqlardan biri də Qarabağ idi. XVI əsr Osmanlı qaynaqlarında Qarabağ əhalisinin erməni deyil, türk oymaqları olduğu açıq-aydın görsənir[4]. Erməni siyasi düşüncəsində ermənilərin bu torpaqlara gəlməsi bir qayıdış kimi təqdim edilsə də əslində deyilən, ancaq izləri tapılmayan bu qayıdışın idealoji bir yalan olması üzə çıxır.

XIX əsrin başlanğıcında Rusiyada I Aleksandr hakimiyyət başına gəldikdən sonra onun dövlətinin Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü ildə P.D.Sisiyanovun Qafqazın baş komandanı təyin edilməsi ilə Qafqaz xalqlarına qarşı ən qəddar siyasəti yeridilməyə başlandı. Ermənilər Rusiyanın siyasətindəki bu dəyişiklərdən öz məqsədlərinə uyğun bəhrələnməyə çalışırdılar. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Ermənilərin bu düşmənçiliyinin əsasında dövlətə sahib olmamaqdan doğan bir qisasçılıq təfəkkürü dayanırdı. Bu qisasçılığın zərərçəkən bir tərəfi olan türklər və onların etnik-dini qardaşları azərbaycanlıların günahı bəlkə də ermənilərə qarşı olduqca mərhəmətli olmalarında idi. Ancaq ermənilər isə bu insani münasibətdən süni istifadə etməyi münasib hesab etmişlər.

Rusiya işğalları zamanı mühüm vəzifələrdən birini tutmuş olan X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində Türkmənçay müqaviləsinin XV maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun demək olar köməkçisi rolunu ifadə etmişdi.[5]

1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü, Erməni vilayəti təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi. Buralar bir çox tarixi mənbələrdə Azərbaycan torpaqları kimi gedirdilər.[6]

Ümumiyyətlə, XIX əsrdə Azərbaycana Türkiyədən 84000, İrandan isə 40 mindən çox erməni köçürülərək, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı.[7] Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8, 4%-ni isə ermənilər təşkil edirdisə, çarizmin XIX əsrin birinci yarısında kütləvi köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı.[8] 1911-ci il üçün bir mənbəyə görə isə Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali olmayıb, onlar Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndilər[9].

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, gəlmə ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.

Erməni məskunlaşdırılması elə bir vaxtda gedirdi ki, Osmanlı İmperiyasl da süqut edirdi. Odur ki, köçüb gələn ermənilər Osmanlıda qalanlarla əlaqəni itirmirdilər. Əksinə ilk erməni partiya və təşkilatları mərkəz olaraq Osmanlını alsalar da dərhal onların ocaqları Cənubi Qafqazda, xüsusən Azərbaycanda təsis edilirdi.

Erməni miqrasiyasının güclənməsi və ermənilərin Cənubi Qafqazda məskunlaşdırlması ilə ermənilərin siyasi fəaliyyətlərində də canlanma müşahidə edildi. Erməni millətçiliyi təşəkkül tapdı. Daha doğrusu erməni millətçiliyi özünü yeni bir formatda təqdim etdi. Bu elə bir dövr idi ki, dünyanı inqilablar bürümüşdü. Solçu siyasi görüşlər xüsusən maraq doğururdu. Lakin erməni siyasi elitası sırf solçuluğun ermənilər arasında üstünlük qazanmasına imkan verə bilməzdi. Çünki sırf solçu olmaq milli dövlətçilik ideyasının ərsəyə gəlməsinə imkan verməzdi. Belə olan təqdirdə istənilən ideyalogiya ermənilər tərəfindən bir aranjimana məruz qalmalı idi. İdeyalogiyada erməni milli üstünlüyü və bu kimi saçma-sapan xülyalar özünə yer almalı idi. Təsadüfi deyil ki, ermənilərin 1885-ci ildə yaranan ilk siyasi partiyası olan “Armenakan”ın əsası qoyularkən xüsusi vurğulanmışdı ki,erməni xalqı onu əhatə edənlərdən səviyyəsinə görə fərqləndiyi üçün inqilabi fəaliyyəti də ayrı aparmalı, prioritet məsələ isə erməni dövlətinin yaranması olmalı idi.[10]  

Резюме

Исторические процессы и миграционный процесс понятия взаимосвязанные. Во многих случаях политические воззрения народов и наций формируются под влиянием миграционного процесса. Миграция армян и их политические предпочтения имеют взаимосвязь. Исходя, из этого предметом изучения статьи стало миграция армян как причина и последствие возникновения их идеологии. Для осуществления научной цели автор использовал разноязычную литературу, в том числе армянских авторов. В конце автор привел свои доводы.  

RESUME

Historical processes and migration process are interconnected concepts. In many cases, the political views of peoples and nations are formed with the influence of the migration process. The migration of Armenians and their political preferences are interrelated. Therefore the subject of the study of the article became the migration of Armenians as reason and the consequence of the emergence of their ideology. For the achievement of scientific purpose the author used multilingual literature, including of the Armenian authors. At the end the author indicates his proofs.


[1] http://www.yeniforumuz.biz/ermeni-sorunu-tehcir-t1185777.html

[2] Şükürov K. TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə) “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 7-cı elmi-əməli konfransının MATERİALLARI (2008-cı il)s.19

[3] Наджафов Б. Лицо врага. Ч. 1., Баку, Элм, 1993, с.33 (392 стр)

[4] Kırzıoğlu F. 1593 (H. 1001) yılı Osmanlı vilayet Tahrir Defterinde anılan Gence-Karabağ sancakları «Ulus» ve «Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Cafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979, s. 205-206

[5] Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Докементы. СПб, 1898, ХII, ХХIII

[6] B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, s.6

[7] Azərbaycan tarixi. IV c, Bakı, 2000, s.49

[8] Yenə orada

[9] Н.Н.Шавров. Новая угроза русскому дьлу в Закавказье; предстоящая распродажа Мугани Инородцамь. С.Петербург, 1911, с.63-64

[10] Дарбинян А. Армения в дни национального освобождения. Воспоминания (1890-1940). Париж  1947, с.125

Məqaləni yüklə