internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

Azərbaycanda ilk “neft dalğası”nın iqtisadiyyata təsirləri

 

Rövşən Qəniyev
 

Bakıda ilk neft quyusunun fontan vurması əslində yeni bir dövrün başlanğıcı hesab olunur. Torpağın qatmanlarından çıxan bu qara, qoxulu maddənin xalqa ağ günlər vəd etməsini əngəlləyən böyük bir maneə var idi: imperiya. Azərbaycan imperiyanın bir hissəsi olduğundan o da tədricən ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunur və ümumrusiya bazarına qoşulurdu. Artıq yüzilliyin 60-cı illərində iltizam sistemi ləğv edildikdən sonra elə birinci il neft çıxarılması iki dəfə yarımdan çox artdı: 1872-ci ildə 1,4 mln pud, 1873-cü ildə isə artıq 3,9 mln pud neft çıxarıldı. Bakı rayonunda neft çıxarılmasının artımı öz sürətinə görə o dövrdə ən güclü hesab edilən Amerika neft sənayesini xeyli qabaqlayırdı.

Şübhəsiz ki, bu neft canlanması iqtisadiyyata təsirsiz ötüşməmişdir. Neft sənayesinin inkişafına bağlı iqtisadiyyatın bir sıra sahələrində canlanma müşahidə olunmuşdur.   

1.“Neft Bumunun” müsbət təsirləri   

 Bakıda neft sənayesinin sürətlə inkişafı  yeni sənaye, tikinti, nəqliyyat və xidmət sahələrinin yaranmasına və inkişafina böyük təkan verdi. Belə ki, neft sənayesində kapitalist təsərrüfatının təşkilinin hakim forması olan istehsal vasitələri üzərində səhmdar kompaniyaları inkişaf edirdi. İlk iri səhmdar kampaniyalarının ardınca bu tipli bir sıra yeni müəssisələr də meydana gəldi. Əslində neft təsərrüfatının səhmdarlıq əsaslarına çevrilməsi mövcud fərdi-ailəvi firmaların və ticarət evlərinin əsasında yaradılırdı. 90-cı illərin əvvəllərində 13 səhmdar müəssisəsi fəaliyyət göstərirdi.  

1.1 Nəqliyyat və yük daşımaları sahəsində:    

     Rusiyanın su nəqliyyatında neft yanacağından istifadə olunmasına ilk dəfə cəhd Xəzər dənizində göstərilmışdi. XIX əsrin 70-ci illərində Xəzər ticarət donanmasının buxar gəmilərinin sahibləri, forsunkanın icad olunması ilə bir-birinin ardınca tələsik öz paraxodlarının, həmçinin kiçik barkasların və katerlərin qazanlarının odluqlarını neftlə qalanmaya uyğunlaşdırdılar. 1878-ci ilədək Xəzərdəki bütün paraxodlar, neftlə qalanırdılar.

1874-cü ildən başlayaraq Rusiyanın dəmir yollarında da paravozların qazanlarında neft yanacağından istifadə olunmasına ilk cəhdlər göstərilmişdir. XIX əsrin 70-ci illərinin sonunda yenicə inşa edilmış Bakı-Balaxanı və Axaltəkə (Gürcüstan) dəmir yolları öz paravozlarını neft yanacağına keçirirlər. 1882-ci ildə tikilməkdə olan Zaqafqaziya dəmir yollarının paravozlarının bir hissəsidə neft qalıqları ilə qalanmağa başlandı, 1884-cü ildə isə artıq onun yanacaq balansında Bakı nefti 54,3% təşkil edirdi.

     1878-ci ildə Xəzərdə dünyada ilk neft tankeri – metal gövdəli buxar gəmisi “Zoroastr” (Zaratuştra –Zərdüşt) göründü (bu gəmi L.Nobelin sifarişi ilə İsveçin “Motala” zavodunda 1877-ci ildə hazırlanmışdı və belə gəmi heç Amerikada da yox idi). 1880-ci ildə Xəzərdə artıq 345 neftdaşıma gəmısi (yelkənlə-212, buxarla-133) işləyirdi.

      XIX əsrin axırında Hacı Zeynalabdin Tağıyevin məsləhətilə neft daşıyan gəmilərin sahibləri birləşib şirkət yaratdılar. XX əsrin əvvəlində isə «Kür— Xəzər» gəmiçilik və aksioner cəmiyyətinin əsasını qoydular; məqsəd sərnişin və yük daşımaq idi.  

1.2 Ticarət, Sənaye və istehsalat sahəsində

      1897-ci ildə H.Z.Tağıyev tərəfindən təməli qoyulan və əsas kapitalı 2 mln. rubl təşkil edən “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” imperiyanın ucqarlarında toxuculuq sənayesinin ən iri müəssisəsi idi.

      1900- cü ildə Bakı şəhərində 80 mexaniki emalatxana və zavodlar, 14 kimya zavodu, 18 kərpic zavodu, 5 elektrik stansiyası, həmçinin bir neçə buraz  və çəllək zavodları mövcud idi.

           Neft sənayesinin sürətlə inkişafı iri neft sahibkarları ilə yanaşı, bu sahədə  fəaliyyət göstərən milli burjuaziya, alimlər və mühəndislər nəslinin formalaşmasına imkan yaratdı. Belə ki, kimya zavodunun sahibi Ə.Əhmədov, gips daşınınkı - Fərəc Əliyev, sementinki – Məmmədsadıq Həsənov idilər; Ağabala Əliyev - Bakıda un dəyirmanı, Nağı Mehdiyev – tütün fabrikinin əsasını qoydular; K.Bəhramovun iri çuqun-mis tökmə emalatxanası var idi; gəmi sahibkarları sırasına Üseynovlar, Zeynalov, Aşurov, Dadaşovlar, İsrafil Hacıyev, Məmməd Manafov və b. daxıl oldular; Bank kantoruna Əbdülhəmid Ələsgərov, Qarşılıqlı kreditlər üzrə İkinci Bakı cəmiyyətinə Əlibala Əliyev rəhbərlik edirdilər.

XIX əsrin sonunda Bakı neft sənayesiçi Murtuza Muxtarov müasirləşdirilmış zərbəli ştanq qazıma üsulu dəzgahını yaradır (1895-ci il) və ona patent alır. (“Muxtarov” adı ilə məşhur olan dəzgah)

http://img.dayazcdn.net/250x0s/clickable/03/5/378808_083.jpg     1900-cu ildə Bakıda 10 nəhəng ağac anbarı, 106 neft şirkəti, 16 yerli neft boru kəmərləri, 60-a yaxın mexaniki emalatxanalar mövcud idi. Neft sənayesinin hesabına digər sənaye sahələridə inkişaf edirdi. Xarici kapital neft - mədən və neft emalı istehsalına xidmət edən sahələrin sürətlə yüksəlməsinə yardım edir (liman körpülərinə və elektrik stansiyaları tikilir). Azərbaycanın sənaye strukturunda hər sahənin pay bölgüsü belə idi: neft – 79,6%, maşınqayırma və metal emalı – 3,4%, elektrik enerjisi istehsalı – 0,9%, toxuculuq – 2,4%, yeyinti – 6,8% və başqa sahələr – 6,9%.

1903-cü ildə Göyçay qəzasında 2.945 desyatın, Cavad qəzasında 1.450 desyatın sahədə pambıq əkilmişdi. Həmin ildə Göyçay gəzasında 44.071 pud, Cavad qəzasında 13.685 pud pambıq məhsulu götürülmüşdü.

1899-cu ildə tütün fabriklərinin məhsul istehsalı 1,2 milyon manata çatmışdı. Şamaxıda, Nuxada yerləşən fabriklər tənbəki istehsal edirdilər.

Ordubadda, Zaqatalada  ipək fabriklər fəaliyyətə başlamışdı. Ümumiyyətlə, XIX əsrin sonularında Cənubi Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin 90%-ni Azərbaycan verirdi. 

1.4 Qiymətli kağızlar və Bankçılıq sahəsində

Şəhər və qəzalarda maliyyə – kredit və bank fəaliyyətinin genişlənməsi nəticəsində bu tipli müəssisələrin sayı artırdı. Azərbaycanda olan 34 bank müəssisəsinin 20-si Bakıda yerləşirdi. Milli kapitalın nümayəndələri olan H.Z.Tağıyev, M.Nağıyev və b. təmsil olunduqları Bakı – Tacir – səhmdar bankının ilkin kapitalı 3 milyon manata bərabər idi. Sözügedən dövrdə Azərbaycanda iri Russiya banklarının filialları, həmçinin “Dövlət Bankının” Bakı bölməsi fəaliyyət göstərirdi.

Azərbaycanda ilk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin təsdiq edilməsi ilə buraxılmışdır. 20-ci əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstərmişdir. Yeni-Bakı neft emalı zavodunun, Bakı Tacir Bankının və başqa iri şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və digər iri şəhərlərdə fond birjalarında satışa çıxarılırdı. Həmin dövrdə Bakı Tacir Bankı və Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz kağızları buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin formalaşmasında geniş istifadə olunmuşdur.  

 1.5   Xarici sərmayə sahəsində

Çar hökuməti tərəfindən yaradılmış geniş imkanlardan istifadə edən xarici firmaların Bakı neft sənayesinə soxulması 90-cı illərin ikinci yarısında sürətlə genişləndi. Təkcə 1895-1898-ci illərdə Bakı rayonunun neft sənayesində 6 ingilis və bir sıra digər xarici kompaniyalar kök saldı.

1903-cü ildə  Nobellər Sormovo zavodunda 50 min pud həcmində olan “Vandal” və 1904-cü ildə “Sarmat” adlı  üçvallı neft daşıyan tanker (teploxod) tikdirərək Xəzər dənizinə buraxdılar və onlar “Lüdviq Nobel” zavodunun gəmi dizellərinin tətbiq olunduğu ilk ilk inşa edilmış dizel-elektroxodlar idilər.

1864-cü ildə Simens qardaşları Gədəbəydə misəritmə zavodunun inşasına başladılar, 1883-cü ildə isə Qalakənd mədənində onlar misəritmə zavodunu tikdilər və burada elektrik enerjisi tətbiq etdilər. Simenslər Xosməmməd adlanan yerdə mis mədəninin, Aykənd kəndi yaxınlığında kvars (silisium oksidi) yatağının işlənməsinə, Daşkəsəndə müəssisələr almağa başladılar.

1892-ci ildə Azərbaycanda ilk dəfə almanlar tərəfindən salınmış və Elenedorf (indiki Göy-göl) adlandırılmış qəsəbədə Forer qardaşları tərəfindən hətta konyak zavodu da inşa edilmişdi. Üç il sonra isə Qummel qardaşları burada ikinci belə bir zavodu tikdirmişlər. 

2. Neft “canlanması”nın  Mənfi cəhətləri:

Azərbaycanın müstəmləkə asılılığı vəziyyətində olması onun iqtisadiyyatına çox ciddi mənfi təsir göstərirdi. Bu təsir hər şeydən əvvəl onun iqtisadi inkişafının ümumən məhdud səviyyəsində və iqtisadiyyatının daha dar çərçivədə təşəkkül etməsində özünü aydın büruzə verirdi. Bunlar ilk növbədə ölkə iqtisadiyyatının və xüsusən də onun aparıcı sahələrinin birtərəfli inkişafında, onların qurumunun diyarın ictimai-mədəni və sosial-iqtisadi tələbləri ilə kifayət dərəcədə uzlaşmamasında, mənimsənilən yerli xammaldan istehsalın tamamlanmayan şəkildə ifadəsi üzündən bu sərvətlərdən istifadənin səmərəlilik göstəricilərinin xeyli aşağı olmasında və s. özünü göstərirdi. Sənaye əsasən Rusiya imperiyasının ümumi maraqlarına uyğun inkişaf edirdi. Bu səbəbdən onun sahə quruluşu birtərəfli xarakter daşıyırdı. İstehsal edilən bütün sənaye məhsulunun 84,4%-i neft və onunla əlaqədar olan sahələrin, o cümlədən 79,6%-i neft hasilatının payına düşürdü. Eyni zamanda sənayenin birtərəfli inkişafı onun Azərbaycan ərazisi daxilində yerləşməsində böyük nöqsanlar yaratmışdı. Bir faktı göstərmək kifayətdir ki, 1913-cü ildə ölkədə istehsal olunan bütün sənaye məhsulunun 91,4%-i Abşeron iqtisadi rayonunun payına düşürdü.

Xarici kapital axınının sənayenin inkişafı üçün müəyyən müsbət əhəmiyyəti olsa da, rus kapitalistləri kimi, Qərb kapitalistləri də çox vaxt istehsalı yenidən qurmaqdan imtina etməklə neft sənayesini texniki geriliyə məhkum edir, Bakı zəhmətkeşlərini amansız istismar etmək və neftin qiymətini qaldırmaqla külli gəlir əldə edirdilər. Xarici kapitalın mövqelərinin genişlənməsi neft hasilatında rus və yerli firmaların xüsusi çəkilərinin hiss olunacaq dərəcədə azalmasına gətirib çıxardı.

Birinci dünya müharibəsi dövründə Azərbaycanda baş verən xarici hərbi müdaxilə, sonrakı illərdə sosialist inqilabı adı altında baş verən dağıdıcı hadisələr, vətəndaş müharibəsi və bolşeviklərin ermənilərlə birlikdə Azərbaycan xalqına qarşı apardıqları soyqırımı nəticəsində məhsuldar qüvvələrin aparıcı sahəsi olan sənayenin dağılması özünü xüsusilə qabarıq göstərdi. 1920-ci ildə sənaye 1913-cü ilin yalnız 43 faizi qədər məhsul verirdi. Azərbaycan sənayesinin əsası olan neft və onunla əlaqədar sahələrlə yanaşı onun pambıqtəmizləmə, şərabçılıq, ipəkçilik və digər mühüm sahələrində də istehsalın həcmi kəskin surətdə aşağı düşmüş, müəssisələrin əksəriyyəti ya dağılmışdı, ya da çox az güclə işləyə bilərdi.  

İstifadə edilmiş ədəbiyyat

  1. Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2008
  2. Azərbaycan tarixi.VII cilddə, IV cild, Bakı, 2007

3.     Azərbaycan Tarixi XIX – XXI əsrin əvvəli, BDU- 2010

  1. Dilarə Seyidzadə, Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, Bakı – 1998

5.     T. Ə. Əzizov,  Azərbaycan XX əsrin əvvəllərində,  Bakı - “Zaman” – 1997

6.     Р.И. Шукюров Краткая история Азербайджанской нефти. 2009.

  1. Səməndərov Seyfəddin, “Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri”, Azərbaycanın Vergi Jurnalı. 5/2012

Məqaləni yüklə