 XX
əsrin əvvəlində yaranmış neft
böhranı ilə əlaqədar Rusiya
səhmdar kommersiya bankları öz
fəaliyyət dairələrini
genişləndirmək, Bakı rayonunda
yeni şöbələr açmaq istəmirdi.
1909-cu ildə neft sənayesi və
onunla bağlı istehsal
müəssisələri uzunmüddətli
durğunluqdan sonra öz
fəaliyyətini bərpa etdiyi bir
şəraitdə Bakıda kredit-bank
sisteminin yeni inkişaf
mərhələsi başladı. 1909-cu ildə
Sankt-Peterburq Beynəlxalq
Kommersiya Bankı Balaxanı
kəndində özünün ikinci şöbəsini
açdı. 1900-1913-cü illərdə
Bakıdakı 9 bank kontoru arasında
ən mühümləri Əbdül Həmid
Ələsgərov, Hacı Şıxəli Dadaşov,
H.Z.Tağıyev və Tumanyan
qardaşlarına məxsus idi, onlar
kommersiya banklarından daha çox
ixtisaslaşması ilə fərqlənirdi.
Bakı Tacir Bankı hansı
zərurətdən yaradılmışdır?
Neft sənayesində istehsalın
təmərküzləşməsi və kapitalın
mərkəzləşməsi, neft sənayesinin
bu sahəsində inhisarçı
birləşmələrin meydana çıxması
bank kapitalının neft sənayesinə
nüfuzuna yol açdı. Banklar böyük
qüvvəyə malik inhisarlara
çevrilirdilər. Bakı neftində rus
kapitalı, qərb kapitalı ilə
yanaşı yerli kapital təmsil
olunsa da, onların payı xeyli az
idi. (167 neft sənaye
müəssisəsindən yalnız 49-u,
yaxud 29,3% - i Azərbaycan
kapitalistlərinin əlində idi)
Belə bir şəraitdə 1912 -
Rusiyanın və xarici ölkələrin 7
nəhəng bankı tərəfindən “Oyl”
inhisar birliyi təşkil edilir.
Bu ilk növbədə kredit
borclandırması yaratmaqla yerli
kapitalın neft sənayesindən
sıxışdırılıb çıxarılmasına,
yaxud da asılı vəziyyətin
yaradılmasına hesablanmışdı.
Təbii ki, orta və kiçik
sahibkarlar hədəf götürülmüşdü,
H.Z. Tağıyev, M. Nağıyev, M.
Muxtarov, Ş. Əsədullayev kimi
iri sahibkarlardan söhbət
getmirdi. Bu iri kapitalistlərə
qarşı da sıxışdırma siyasəti
yeridilirdi və bankların himayə
etdiyi arzuolunmaz müştərilər
kimi onlara daha az kreditlər
verilirdi . Məsələn təkcə dövlət
bankındakı veksellərin uçotuna
görə 1907-ci ildə Tağıyevə 300
min manat kredit verilmişdir.
Dövlət bankının Bakı şöbəsi
H.Z.Tağıyevə verilmiş kredit
barədə bildirirdi ki, “müştəriyə
məxsus əmlakın dəyəri ilə
müqayisədə açılmış kreditlər
olduqca az hesab edilməlidir”.
Bu o demək idi ki, Tağıyevə daha
böyük kredit vermək olardı.
Bankir kontorundan Tacir
Bankına…

XX əsrin ilk dekadasında
Azərbaycanda bank sahibləri
arasında, mövcud kredit-bank
müəssisələrindən kredit
almaqlarına baxmayaraq milli
sahibkarların nümayəndələri yer
almırdı. Bu sahibkarlardan
bəzilərinin (məsələn,
Ş.Əsədullayev, M.Nağıyev və
başqaları) öz bankir kontorları
var idi, lakin bank sahibi
deyildilər. "H.Z.Tağıyev" bankir
kontoru, 1904-1913-cü illərdə
xüsusi kredit müəssisələri
şəbəkəsinə daxil oldu. O, Dövlət
bankı uçot komitəsinin üzvü
seçildi.
Azərbaycan tarixində bir çox
ilklərə imza atmış H.Z.
Tağıyevin, xarici kapitalın neft
sənayesindəki təmərküzləşməsini,
yerli kapitalın məqsədli olaraq
asılı vəziyyətə salınmağa
çalışıldığını görərək, öz
nüfuzundan istifadə etməklə
digər yerli iri kapitalistləri
ilə danışıqlar apararaq yerli
bankın təşkili üçün onları razı
salmaq cəhdləri baş tutdu.
Tağıyev öz bankir kontoru
əsasında və Qorçakov küçəsindəki
evində (indiki Tarix Muzeyi
yerləşən bina) yer ayırmağı və
öz nüfuzundan istifadə edərək
Nizamnamənin və digər sənədlərin
dövlət qeydiyyatından
keçirilməsini öhdəsinə
götürmüşdü.
H.Z.Tağıyevin uzaqgörənliyinin
bir çox hallarda şahidi olmuş
digər yerli kapitalın
nümayəndələri, yaranmış şəraitdə
bank açmağın mümkün risklərinin
yuxarı olmasına baxmayaraq, onun
təşəbbüsünə qoşuldular. 1913-cü
ildə 3 milyon rubl məbləğində
əsas kapitalı olan Bakı Tacir
Bankının nizamnaməsi təsdiq
edildi və ilk səhmlər buraxıldı.
Nizamnaməyə görə 20 səhm 1
həlledici səs,50 səhm 2, 80 səhm
3, 120 səhm 4 həlledici səsə
malik olmaq hüququ verirdi. Az
səhm sahiblərinin də mənafeyi
nəzərə alınmışdı. Məsələn,
20-dən az səhmə malik olan
səhmdar 1 və daha çox səs hüququ
almaq üçün ümumi ehtibarnamə
üzrə öz səhmlərini birləşdirə
bilərdilər.
Bankın Şurasına milli kapitalın
nümayəndələrindən H.Z.Tağıyev
(şuranın sədri), Ş. Əsədullayev,
A.Əhmədov, S.Z.Tağıyev,
A.Q.Tağıyev, idarə heyətinin
üzvlüyünə M.Nağıyev (idarə
heyətinin sədri),
F.B.Rüstəmbəyov, təftiş
komissiyasının tərkibinə
Ə.Ə.Kərimov, M.Ə.Miriyev daxil
oldular. Lakin ilk dövrlərdə
bankın fəaliyyətə başlaması
mümkün olmadı. Əvvəla xarici
sərmayə bütün imkanlarından
istifadə edərək bu bankın
fəaliyyətinə mane ola bilərdi.
İkinci səbəb isə peşəkar kadr
çatışmamazlığının olması idi.

Nəhayət, 1914-cü il aprelin
12-də Bakı tacir bankı
səhmdarlarının birinci ümumi
yığıncağı H.Z.Tağıyevin Qorçakov
küçəsindəki evində, Bankın
yerləşdiyi binada keçirildi.
Tağıyev yığıncağı açaraq
bildirdi ki, bu vaxtadək
Nizamnamənin 6-cı və 61-ci
paraqraflarına uyğun olaraq, 332
səs hüququ verən bütün 12 000
səhmin pulu verilmiş və
səhmdarlar kitabına salınmışdır,
ümumi yığıncağa özlərinə görə və
10 053 səhmlə razılaşma üzrə 155
səsə malik olan 38 səhmdar
gəlmişdir. İlk ümumi yığıncaqda
bankın aprelin 15-də işə
başlaması qərara alınmışdı.
Bankın təsis edilməsində əsas
məqsəd
Bank təsisçilərinin başlıca
məqsədi sənaye və ticarət
müəssisələrinin geniş məbləğdə
maliyyələşdirilməsi, ilk növbədə
Azərbaycan sahibkarlarına kömək
göstərilməsi idi. Onlar müxtəlif
təsərrüfat sahələrinin
inkişafına, mədəni-maarif
müəssisələri şəbəkəsinin
genişlənməsinə kömək göstərməyi
qarşılarına vəzifə qoymuşdular
və perspektivdə diyarın bir sıra
digər şəhərlərində Bankın
şöbələrini açmaq niyyətində
idilər.
Bankı təsisçilərin ümidlərini
doğruldur…

Fəaliyyətə başlamasından qısa
müddət sonra Bakı Tacir bankı
təsisçilərin ümüdlərini
doğrultdu. Onun müştərilərinin
sayı kreditcə artırdı, həm də
“müştərilərin xeyli faizi
müsəlmanlar idi”. Volqa-Kama
bankı Bakı şöbəsinin arayışında
bildirilirdi ki, Tağıyev “çox
varlı və kommersiya dairələrində
hörmət və etibara malik bir
adamdır. Səhmdarların 1915-ci il
fevralın 15-də keçirilmiş
yığıncağında 1915-ci ildə Bankın
Şurasına Azərbaycan
sahibkarlarının daha bir neçə
nümayəndəsi - Əli bəy Aşurbəyov,
Ağa Muxtarov, Səfər Əliyev,
Zeynal bəy Səlimxanov
seçildilər.
Ümumi yığıncağın qərarına əsasən
və maliyyə nazirinin icazəsi ilə
bank ümumi məbləği 2 mln manat
olan 8 min yeni səhm buraxdı. Bu
əsas kapitalın 5 mln. manatadək
artırılması demək idi. tacir
bankı da digər bankların
qiymətli kağızlarına maraq
göstərirdi. Qısa müddətdə Bankın
səhmlərinə şəhərin kredit
müəssisələri arasında böyük
tələbat yarandı. Həmçinin Bank
da Rusiya banklarının səhmlərinə
maraq göstərir. Petroqrad
kommersiya bankı ilə onu daha
sıx əlaqələr birləşdirirdi.
1916-cı il noyabrın 12-də hər
biri 149 manat 50 qəpik olan
Petroqrad kommersiya bankının
5800 səhmini satın almışdı.
İstifadə edilmiş ədəbiyyat:
1. Nərimanov N. Hacı Zeynalabdin
Tağıyevin 50 illik məişətə və
cəmaətə xidmətləri.
Bakı,1994.
2. Süleymanov M. Hacı
Zeynalabdin Tağıyev. Bakı, 1996.
3. Süleymanova S. Azərbaycanda
ictimai-siyasi hərəkat (XIX
yüzilliyin sonu XX yüzilliyin
əvvəlləri). Bakı,
1999.
4. Ежегодник, Баку и его районы.
Баку, 1913.
5. Ежегодник, Баку и его районы.
Баку, 1914.
6. Сеидзаде Д.Б. Из истории
Азербайджанской буржуазии начала
XX
века. Баку, 1997.
7. Əşir
Bəşiroğlu.
Hamının
sevimlisi
(H.Z.Tağıyev
haqqında)
Bakı:
“Təknur”
nəşriyyatı,
2012
8.
http://banker.az/bank-isi/bank-isi/6011-bankc-l-g-n-inkisaf-tarixin-q-sa-ekskurs
|