Erməni diasporunun müasir Ermənistanın dövlət siyasətinin formalaşmasına təsiri və təzyiqi

Ölçü:
A+
A-
A

Annotasiya

Məqalə erməni diasporunun yaranma səbəblərinə, erməni siyasi fikirlərinin formalaşmasında onun roluna həsr edilmişdir. Həmçinin məqalədə erməni diasporunun müasir Ermənistan dövlətinin siyasətinə təsirindən də söz açılır. Burada erməni diasporunun əsas hədəflərindən söz açılmış, qeyd edilən hədəflər sırasında türk-müsəlman düşmənçiliyinin nəsildən-nəsilə ötürülməsi diqqət mərkəzinə gətirilmişdir. Məqalənin yekununda erməni ideyalogiyasının təməl anlayışları və istifadə edilən üsullar və onların Ermənistan Respublikasının siyasətində yeri müddəalaşdırılmışdır.

Açar sözlər: diaspora, erməni ideyalogiyası, torpaq iddiaları, Türkiyə, Dağlıq Qarabağ, Naxçıvan

Влияние и давление армянской диаспоры на формирование политики современного армянского государства

Аннотация

Статья посвящена формированию армянской диаспоры и ее политических идей. Здесь затронуты основные цели армянской диаспоры и ее влияние, и давление на формирование политики современного армянского государства. Особое внимание уделено передаче тюрко-мусульманофобии от поколения к поколению. В конце статьи конкретизированы основы армянской идеологии и ее методы осуществления, также их реализация в политике государства.

Ключевые слова: диаспора, армянская идеология, территориальные претензии, Турция, Нагорный Карабах, Нахчыван.   

The Armenian diaspora and its influence on formation of the Armenian political ideas

Summary

Paper is devoted to the formation of the Armenian diaspora and its political ideas. It discussed the main goals of the Armenian diaspora and its influence and pressure on policy-making of modern Armenian state. Particular attention is paid to the transfer of the Turko-musulmanofobii from generation to generation. The article specified the basis of the Armenian ideology and its implementation methods, and their implementation in the policy of the state

Keywords: diaspora, the Armenian ideology, territorial claims, Turkey, Нагорный Карабах,  Nakhchivan.

 Giriş

Diaspordan və onun fəaliyyətindən söz açmadan öncə erməni millətinin mənşəyi və tarixinə qısa ekskurs etmək məqsədə müvafiq olardı. Sual meydana çıxa bilər ki, ermənilərin həqiqi tarixi onların xülyaları ilə üst-üstə düşə bilirmi? Bir də ermənilər Qafqazın say etibarilə daim üstünlük təşkil etmiş yerli əhalisidirmi? Bu suaların cavabını axtaranda məlum olur ki, əslində ermənilərin tarixi vətənləri Qafqazdan xeyli aralıda Mesopotamiyadadır. Bunu erməni tarixçilərinə istinad edən Qlinka öz kitabında qeyd edir. O yazır ki, ermənilərrin ulu babası Hayk Mesopotamiyadan çıxmışdır(8,4). Bundan irəli gələrək söyləmək lazımdır ki, ermənilərin Qafqazda peyda olmaları elə də dərin, qədim bir dövrü əhatə etmir. Əslində tarixi tədqiqatlar onu deməyə əsas verir ki, ermənilər bir xalq olaraq eradan əvvəl birinci minilliyin birinci yarısında Yuxarı Fərat düzündə formalaşmışlar(7,19).

Eyni zamanda tarixi faktlar onu deməyə əsas verir ki, ermənilərin tarixi heç də e.ə. III-II minilliklərə qədər uzanmır. Həmçinin ermənilər heç də dünyanın ən qədim dövlətlərini təsis edən xalqlardan deyillər. Tam əksinə erməni tarixində hər hansı isə bir böyük dövlətin tərkibində olmaq müddəti müstəqillik vaxtlarından çox olmuşdur. İndiki Ermənistan deyilən ərazidə e.ə. VII-VI əsrlərdə Urartu dövləti hakim olmuşdu(3,251).

Bizim əsas yanaşmamız ondan ibarətdir ki, bu gün Qafqazda yaşayan ermənilərin böyük bir hissəsi müxtəlif vaxtlarda böyük dövlətlərin maraqlarına uyğun olaraq buralara köç etmişlər. Buna bariz nümunələrdən biri o idi ki, “1978-ci ildə Azərbaycan SSR DQMV-nin Mardakert rayonunun Marağa, yaxud Marağaşen kəndində Marağa şəhərindən Qarabağ torpağına ilk 200 erməni ailəsinin köçürülməsi münasibəti ilə obelisk qoyulmuşdur.”(2,3) 

Erməni diasporu: yaranma və fəaliyyət

Ermənistanda siyasi həyata təsir edən başlıca amillərdən biri də diaspordur. Erməni diasporu əsasən Türkiyəni tərk edənlərdən ibarətdir. Bunun üçün 1990-cı illərdə yeni yaranan partiya və təşkilatların müvafiq sənədlərində saxta erməni soyqırımı məsələsi xüsusi yer tuturdu. Ermənistan,  müstəqilliyindən bu yana  xaricdəki ermənilərdən gələn maddi köməklərdən faydalanmaqdadır. Erməni diasporunun göstərmiş olduğu möhkəm həmrəylik, milli ideologiyaları olan ənənəvi Haydat (ermənilərin İddiası) anlayışına söykənməkdədir. Haydatın XIX əsr sonlarında və XX əsrin əvvəllərində Ermənistanın xaricindəki şərtlərdə yaradılan, qəti dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənən təməl məqsədləri vardır(5,25).

Erməni diasporu, “birləşmiş torpaqsız” bir millətin var ola bilməyəcəyini, varlığını bir müddət davam etdirsə belə, bu davamlılığın müddətsiz ola bilməyəcəyini ifadə edərək "diaspor ilə erməni millətinin gələcəyi ola bilməz” deyir(9,137). Məktəblərini, dərnəklərini, fəaliyyətlərini daha nə qədər müddətlə davam etdirə biləcəklərini öz aralarında sorğulayır və belə nəticəyə gəlir: “ Diaspor, bizim uca hədəfimiz olan tarixi vətənimizin əldə edilməsi üçün bir vasitə olmalıdır. Bütün dünyaya göstərməliyik ki, erməni diasporu vardır və torpaqlarımızı əldə edənə qədər də var olmağa davam edəcək. Biz bu gün torpaqsız bir millət vəziyyətindəyik"(9,137). Erməni diasporu Qafqazdakı Ermənistanı əsl erməni torpaqları saydıqları hissənin 1/10-i hesab edir.

Erməni diasporu dini inancları və siyasi seçimləri nə olursa olsun, ortaq məxrəc olaraq təyin etdikləri və reallaşması üçün çalışdıqları hədəflərini də belə ifadə edir: “Vətənimiz Türk Ermənistanı, Türkiyə tərəfindən köçlər və qırğınlar nəticəsi boşaldıldı. Bizim əsl problemimiz bu torpaqları geri almaqdır. Bunu reallaşdırmaq üçün də erməni diasporunun bütün qaynaqları və bütün enerjilərinin birləşdirilməsi lazımlıdır.”(9,140).

Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsindən” məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Burada, bir növ də əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında yaşamış olmalarına, onların böyük əziyyət görməklərinə və acılar yaşamalarına baxmayaraq ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və aktiv saxlamaq istədiklərini görmək lazımdır. 

Erməni diasporunun əsas təbliğat silahı - saxta soyqırım

Erməni diasporunun Türkiyə hökümətinə təsir vasitəsi kimi istifadə etməyə çalışdığı məsələlərdən biri də saxta erməni soyqırımıdır. Ermənilərin iddialarının dünyanın aparıcı ölkələri tərəfindən tanınmasının mümkünlüyü, bunun baş verəcəyi tərzdə Türkiyənin üzərinə hansısa öhdəliklər qoyula biləcəyi Azərbaycanda da maraq doğuran suallardandır. Soyqırım - müasir dünyamızda qəbul edilmiş mənasına görə bir millətin dil, din, məzhəb və ya milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsidir. Bu prosesin soyqırım kimi qəbul olunmasının əsas şərtlərindən biri olayın hər hansısa bir ölkənin hökuməti tərəfindən həyata keçirilməsidir. Soyqırım cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 9 dekabr 1948 - ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Bu Konvensiya 1950 - ci il yanvarın birindən etibarən onu qəbul edən ölkələr tərəfindən imzalanmağa açıq elan edilib. Bu günə kimi dünyanın əksər ölkələri bu sənədi imzalayıb. Beynəlxalq hüquqa görə, soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin baş verməsi nəticəsində irqi, milli, etnik və dini fərdiliyinə görə ayrıca mədəniyyətə, adətlərə və yaşam tərzinə malik insan qrupu tamamilə və ya qismən məhv edilə bilər. Bu isə bəşər sivilizasiyasının müxtəlifliyini itirməsinə və dünyada balansın pozulmasına səbəb ola bilər. Beynəlxalq hüquqa görə, soyqırım ümumi prinsip və normaların, eləcə də insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

Ermənilərin iddialarına görə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında onlara qarşı məhz soyqırım həyata keçirilib. Ötən əsrin 20 - ci illərində ermənilər 300 min soydaşlarının öldürüldüyünü iddia edirdilərsə, sonradan bu rəqəmi 1.5 milyona kimi artırıblar. Ermənilərin iddiaları xristian dünyasına imkan verib ki, Türkiyəni daima təhdid altında saxlasın. Əslində soyqırım iddialarının meydana çıxmasında Osmanlı İmperiyasının torpaqlarına göz dikən xristian dünyası əsas rol oynayıb. Ankaradakı Atatürk hökumətinin Osmanlı dövlətinin rəhbərlərinə qarşı soyuq münasibəti də Türkiyə Respublikasının bu iddiaya ilk vaxtlar soyuq yanaşmasına səbəb olub. Buna görə də ermənilərin yalanları ayaq tutaraq yeriməyə başlayıb. Türkiyəyə qarşı "erməni soyqırımı" iddialarının tarixi vətəni olduğu kimi, əsas ideya mənbəyi də Fransadır. Bu dövlət uydurma erməni soyqırımını tanımaqla yanaşı, onu inkar etməyi də qanunla təqib edir. Yəni, Fransada uydurma erməni soyqırımını inkar edən şəxsi cinayət məsuliyyəti gözləyir. Paris son illər bir qədər də "irəli" gedərək soyqırım məhkəməsi qurmağa başlayıb. Fransa Ağır Cəza Məhkəməsinin nəzdində "Soyqırım və insanlığa qarşı cinayətlər bürosu" adlanacaq qurumun yaradılması bu yaxınlarda həyata keçirilməsi nəzərdə tutulan ədliyyə islahatlarından sonra mümkün olacaq. Fransanın uydurma erməni soyqırımını tanımasına, onu inkar edənlərin qanunla təqib edilməsi üçün qanun qəbul etməsinə və ən nəhayət, soyqırım məhkəməsi yaratmasına baxmayaraq, Türkiyənin diqqəti həmişə okeanın o tayına - Vaşinqtona dikilir. Çünki dünyanın siyasi gündəmini Paris deyil, Vaşinqton müəyyən edir. Bir çox dövlətlər siyasətlərini məhz Vaşinqtonla uyğunlaşdırmağa çalışırlar. Buna görə də Türkiyəni Fransa və Rusiya kimi dövlətlərin deyil, ABŞ-ın nə düşündüyü maraqlandırır. ABŞ-da isə güclü erməni lobbisi və onları müdafiə edən siyasi dairələr tez-tez uydurma erməni soyqırımını qanunvericilik korpusunda tanıtmağa cəhd edirlər. Bəzən hətta bu məsələnin Konqresdən asanlıqla keçəcəyi də şübhə doğurmur(4).

Bəzi dairələrdə belə fikirlər səslənir ki, uydurma erməni soyqırımının tanınması Türkiyənin ağır kompensasiyalar ödəməsinə səbəb olacaq. Burada hətta, guya Türkiyənin ərazilərinin bir qisminin Ermənistana vermək məcburiyyətində qalacağı ilə də bağlı iddialar səslənir. Qeyd edək ki, dünya ictimaiyyətinin soyqırım cinayətləri ilə bağlı istinad etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" 1948-ci ildə qəbul edilib. Hüququn ana xəttinə görə heç bir qanun özündən əvvələ tətbiq oluna bilməz. O səbəbdən də 1948 -ci ildə qəbul edilmiş, dünya ölkələri üçün imzalanmağa 1950-ci ildən təqdim olunmuş bir Konvensiya ilə Türkiyəni 1915 - ci ildə baş vermiş hadisələrə görə heç kim cəzalandıra bilməz.

 Azərbaycana qarşı erməni diasporu

Türkiyə ilə yanaşı erməni diasporu Azərbaycana qarşı da düşmən mövqedə dayanmaqdadır. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsində diasporun böyük rolu olmuşdur. Diaspor müharibəyə Ermənistanı təhrik etmiş, onun qoşunlarının əsas maliyyə və təbliğat maşınına çevrilmişir. Azərbaycan ərazilərinə Ermənistanın iddiası da birbaşa erməni diasporunun dəstəyi ilə akademik Aganbekyan tərəfindən Fransada səsləndirilmişdir.

Suriyadan, Livandan və dünyanın digər ölkələrindən gələn ermənilər Azərbaycan əleyhinə hərbi əməliyyatlarda da birbaşa iştirak etmişlər. Onlardan biri Monte Melkonyan öz qəddarlığı ilə seçilmişdir. Ancaq Azərbaycan silahlı qüvvələrinin kəşfiyyatçısı tərəfindən öldürülmüşdür. Məşhur ASALA terror təşkilatının qurucularından olan, bir çox partlayış və qətillər həyata keçirmiş, Avo ləqəbi ilə tanınan terrorçubaşı Monte Melkonyanın İbad Hüseynov tərəfindən layiqli cəzasına çatdırılmışdır. Dünya miqyaslı terrorçu Karlos Şakalın ən fəal tələbəsi olan Avonun 1982-ci ildə Livandakı vətəndaş qarşıdurmasında Beyrutun erməni məhəllələrinin müdafiəsində iştirak etdiyi, eyni ildə Parisin Orli aeroportunda 8 nəfər insanın ölümünə səbəb olan partlayış törətdiyi və PKK terror təşkilatının üzvləri ilə əlaqə yaradaraq bir çox qətllər həyata keçirmişdir. M.Melkonyanın bu vəhşiliklərinə Azərbaycan ordusunun igid döyüşçüsü, kəşfiyyat-diversiya dəstəsinin 22 yaşlı komandiri İbad Hüseynov son qoyub. O, 1993- cü il iyun ayının 12- də məşhur Avonu məhv etməyə nail olub. 1992- 93-cü illərdə Martuni rayonu istiqamətində vuruşan, 1993- cü il 12 iyunda kəşfiyyat dəstəsinin Xocavənd rayonunda Muğanlı kəndində keçirilən əməliyyatda iştirak edən 14 nəfər döyüşçüdən biri Ədalət Abbasov o günləri belə xatırlayır: “Dəstənin komandiri İbad Hüseynov bizi yandırılımış evlərin birinin zirzəmisində qoyaraq, viran qoyulmuş kəndin xarabazarlıqları arasında gəzişərkən Avo ilə rastlaşdı və onu öldürdü. Sübut üçün biz onun qol saatını, cib dəftərçəsini, qələmini, 2 ədəd şəklini və kəsilmiş başını özümüzlə gətirdik”(1).

Ermənistan dövlətinin dövlət siyasətinə erməni diasporunun bir başa təsiri

Diaspor Ermənistanın həyata bir ümid mənbəyidir. Heç bir sərvətə malik olmayan Ermənistan diaspor ianələri vasitəsi ilə yaşamaqdadır. Belə olan təqdirdə Ermənistan siyasi partiyaları diaspor ilə hesablaşmaya bilməzlər. Siyasi partiyalardan bəziləri, xüsusən daşnaklar diasporu əsas dayaq sayır. Bütün erməni siyasi partiya və təşkilatlarının sənədlərində diasporla iş üzrə müddəa vardır. Bu müddəalarda diaspor az qala müqəddəsləşdirilir. Lakin bütün bunlarla yanaşı diasporu Ermənistanın müasir bəlalarının səbəbkarı elan edən ictimai-siyasi liderlər də vardır. Qısa olaraq onu demək olar ki, bu şəxslər erməi cəmiyyətində yad elementə çevriliblər. Onların fikrincə kifayət qədər zəngin olan, idealist diaspor müasir Ermənistanın rüşvət, korrupsiya, klan hakimiyyəti kimi reallıqlarının yaranmasına səbəb olmuşdur. Məhz diasporun təsiri ilə Ermənistan Azərbaycanla münaqişənin nizamlanmasında konstruktivizm nümayiş etdirə bilmir, regional layihələrdən geri qalır. Bu isə ölkədən insanların getməsinə, Ermənistanın boşalmasına gətirib çıxardır. Bunu müqabilində isə Azərbaycan öz rəhbərliyinin siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri ilə bir addımlayır, strateji layihələrin həll edici səsinə çevrilir. Fəqət Ermənistan siyasi partiya və təşkilatlarından, habelə liderlərindən sağlam bir yanaşma görmək, bəyanat eşitmək imkansız hala gəlmişdir.

Nəticə

  • Erməni diasporu müasir erməni siyasi mühitinin özəyi olaraq qalmaqdadır;
  • Erməni diasporunun coğrafi yerləşmə genişliyinə baxmayaraq struktur baxımından əlaqəsi möhkəmliyini saxlamaqdadır;
  • Erməni diasporunun və eləcə də erməni millətinin psixoloji durumunun aqressiv qalmasında erməni dini xadimlərinin, xüsusi ilə erməni kilsəsinin təsiri böyükdür;
  • Müasir Ermənistan dövləti erməni diasporuna deyil, diaspor erməni dövlətinə təsir etməkdədir;
  • Erməni diasporu Ermənistan dövlətinin rəsmi siyasi xəttinə təsir edərək ona düzgün geosiyasi seçimlər etməyə imkan verməməkdədir;
  • İstənilən halda erməni dövlətinin daxili və xarici siyasəti diasporun birbaşa təsiri altındadır;
  • Ermənistan dövlətinin özünü erməni diasporunun illərlə davam edən səylərinin geosiyasi aktorlarla kordinasiyası nəticəsində yaranmış bir qurum saymaq olar;
  • Bundan qaynaqlanaraq Ermənistan Azərbaycan torpaqlarından çıxa və Türkiyə ilə normal münasibətlər formalaşdıra bilmir;
  • Lakin bütün bunların sonunda onu demək olar ki, Ermənistan dövləti axır əvvəl öz əhalisinin də fikirlərinə qulaq verməli olacaqdır. Belə ki, erməni diasporu ilə Ermənistan əhalisinin əhval ruhiyyəsi arasında ziddiyyətlər getdikcə dərinləşməkdədir.

İstifadə edilmiş ədəbiyyat:

  1. Musayeva G. Qəhrəmanlığın daha bir ünvanı. 525-ci qəzet.- 2010.- 22 iyul.- S.4.
  2. Yesai Həsən-Cəlalyan,  Alban ölkəsinin qısa tarixi(1702-1722-ci illər) ruscadan çevirən Hikmət Dayıyev və Vaqif Musayev. Ön söz müəllifi akademik Ziya Bünyadov. Bakı, İşıq, 1992, 50 s.;
  3. Həsənov Y. Qədim Roma tarixi. Bakı, Maarif 1975 271 s.;
  4. Rüstəmov E. 24 aprel - uydurma erməni soyqırımı günü. “Unikal” qazeti 23 aprel 2010-cu il;
  5. Nazmi Gül, “Yirmibirinci Yüzyılın Başlangıcında “Haydat” (Ermenilerin Davası)”, Stratejik Analiz, c.1, sayı: 2 (Haziran 2000).;
  6. Ermeni Milli Menfaatleri-İdeolojisi ve İddiaları http://www.mevzuvatan.com/haber/1971-ermeni-milli-menfaatleri-ideolojisi-ve-iddialari.html?haber=1971&puan=4
  7. Алиев И. Нагорный Карабах: история, факты, события. Баку, Элм 1989, 104 стр. ;
  8. Глинка С. Н. Описание переселения армян азербайджанских в пределы России. Баку, Элм 1990, 144 стр.;
  9. Les Arméniens, le visage d’un peuple. –fondation internationale Lelio Basso, Venise, Octobre, 1985.

 Nəşr olunub: Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM),   “Strateji Təhlil” analitik jurnal, , sayı: 3, səh. 123-129, noyabr 2011 Bakı, CBS PP MMC 

PDF olaraq yüklə